Azərbaycanda yaşayan əcnəbilərin nəzərinə!
12.05.2020
Azərbaycanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə qalma müddəti yenidən uzadılıb.
Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin 31 may 2020-ci il tarixinədək uzadılmasını, miqrasiya qanunvericiliyinə əsasən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadıla biləcəyini və əcnəbilərin ölkəni tərk etmə imkanlarının məhdud olduğunu nəzərə alaraq, müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) 60 gün uzadılmış əcnəbilərin ölkədə olması dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.
Eyni zamanda, bildirilir ki, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaqdır. Bununla bağlı əlavə məlumat veriləcəkdir.
Əlavə məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur.