Qızıla tələbat artıb
10.05.2020
Qızıla tələbat qlobal miqyasda artıb.
Bu barədə Dünya Qızıl Şurası (WGC) məlumat yayıb.
Bildirilir ki, yeni növ koronavirusun yaratdığı qeyri-müəyyənliklər qızıla tələbatı artırıb. Bu ilin ilk rübündə qızıl əsaslı investisiya fondlarına son 4 ildə ən güclü axın yaşanıb.
Birinci rübdə qızıla tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq təqribən 1084 ton olub. Qızılın unsiya qiyməti isə 2012-ci ilin dekabrından bu yana ən yüksək səviyyəyə - 1703 dollara çatıb.
Qlobal qızıl tələbatı bu dövrdə 55 milyard dollar səviyyəsinə çatıb. Dollar ifadəsində isə 2013-cü ilin ikinci rübündən bəri ən yüksək səviyyəyə qalxıb.
COVID-19 tədbirləri və qızılın baha qiymətləri zərgərlik məmulatlarına tələbatı azaldıb. Belə ki, zərgərlik məmulatlarına tələbat qlobal miqyasda 39 faiz azalıb. Dünyanın ən böyük zərgərlik bazarı olan Çində isə 65 faiz nisbətində azalma olub.
Rüb ərzində qızıl əsaslı investisiya fondlarının qızıl alışı 298 ton olmaqla son 4 ildə ən böyük rüblük göstəriciyə çatıb. Həmin fondlardakı qızıl miqdarı isə 3185 ton təşkil edib.