Fransada fövqəladə rejim 1 ay da uzadıldı
10.05.2020
Mayın 9-da Fransa parlamenti yeni növ koronavirusun yayılması ilə bağlı səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminin iyulun 10-dək uzadılması barədə qanun layihəsini qəbul edib.
Bir qədər əvvəl qanun layihəsi Fransa senatında təsdiq edilmişdi.
"Qarışıq Paritet Komissiyasında deputatlar və senatorlar arasında əldə edilən sazişə əsasən, Milli Məclis (parlamentin aşağı palatası) səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminin uzadılması barədə qanun layihəsini təsdiqləyib”, - parlamentin "Twitter” səhifəsində yayılan məlumatında belə deyilir.
Bundan öncə martın 24-də qəbul olunan qanun fövqəladə sanitar vəziyyətin iki ay müddətində, yəni mayın 24-dək qüvvədə qalmasını nəzərdə tuturdu.
COVID-19 pandemiyasının onlayn statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 00:00-a olan məlumatına əsasən, dünyada 4 milyon 77 mindən çox yoluxma və 279 min 71 ölüm faktı qeydə alınıb, 1 milyon 425 min 90 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
Fransada indiyədək yeni koronavirusa yoluxanların sayı 176 min nəfəri ötüb, 26 min 310 nəfər isə bu xəstəlik səbəbindən həyatını itirib. Hazırda müalicə alan 94 min 310 xəstədən 2 min 812 nəfərin vəziyyəti ağır qiymətləndirilir.