9 May Faşizm üzərində Qələbə Günüdür
09.05.2020
Azərbaycanlılar 1941-1945-ci illər müharibəsində qazanılan tarixi qələbədə böyük qəhrəmanlıqlar göstərmişlər
1941-1945-ci illər müharibəsinə cəlb olunmuş keçmiş müttəfiq respublikalar içərisində o zaman istər ümumi əhaliyə nisbətən əsgər sayına, istərsə də döyüşən əsgərlərin təltif olunması faizinə görə Azərbaycan ən öncül sıralarda dayanırdı. Belə ki, müharibədə 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhədə vuruşmuş, onların 450 mini və ya 65 faizi orden və medallarla təltif edilmişdir. Azərbaycandan 130 nəfər "Sovet İttifaqı Qəhrəmanı” kimi yüksək ada layiq görülmüşdür.
Müharəbədə fədakarlıq göstərən azərbaycanlılardan ibarət təşkil edilmiş 416-cı "Taqanroq”, 402-ci "Azərbaycan”, 223-cü "Belqrad” və 77-ci "Simferopol” diviziyaları şərəfli döyüş yolu keçmiş, soydaşlarımızın təxminən yarısı ağır döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınmışdır. Həmyerlilərimiz 223-cü diviziyanın tərkibində Macarıstan və keçmiş Yuqoslaviyanın faşistlərdən təmizlənməsində igidlik göstərmişlər. Bu da qürurvericidir ki, 416-cı diviziya Şimali Qafqazdan Berlinədək ağır döyüş yolu keçmiş, diviziyanın əsgərləri Berlində qələbə bayrağını ilk qaldıranların sırasında olmuşlar.
Müharibənin başlandığı gün – 1941-ci il iyunun 22-də Naxçıvan Muxtar Respublikasından 6492 nəfər orduya yollanmışdı. Bütövlükdə, 29 min 500 muxtar respublika sakini 1941-1945-ci illər müharibəsində iştirak etmişdir. Müharibəyə könüllü gedənlərdən yüzə yaxını qadınlar idi. Cəbhəyə yollananların hər iki nəfərindən biri – 16 minə yaxın naxçıvanlı həlak olmuşdur. Üç həmyerlimiz – Abbas Quliyev, Nəcəfqulu Rəfiyev və Qəzənfər Əkbərov SSRİ-nin ən yüksək mükafatına – "Sovet İttifaqı Qəhrəmanı” adına, Rəhim Rəhimov "Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilmişdir. 102 nəfər "Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105 nəfər birinci və ikinci dərəcəli "Böyük Vətən müharibəsi”, 315 nəfər "Qırmızı Ulduz”, 29 nəfər "Qırmızı Bayraq” ordenləri ilə təltif edilmişdir. Həmin illərdə azərbaycanlılar arxa cəbhədə də fəallıqları ilə seçilmişlər. Onlar ordunun ehtiyacını ödəmək üçün qüvvələri səfərbərliyə almış, gecəni gündüzə qataraq çalışmış, qələbənin qazanılmasına öz töhfələrini verməyə səy göstərmişlər.
Tarixi qələbənin əldə edilməsində Azərbaycan nefti xüsusi rol oynamışdır. Belə ki, həmin illərdə Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtkü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin böyük əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. Görkəmli akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illərdə neft kimyası sahəsində etdiyi ixtiralar isə, ümumilikdə, sovet Azərbaycanının o dövrdə qələbəsi idi.
Azərbaycan Respublikasının sənaye müəssisələri, xüsusən maşınqayırma zavodları silah və sursat istehsalı ilə məşğul idi. Müharibə dövründə Azərbaycanda 130 növ silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi. Bununla yanaşı, cəbhəyə kömək məqsədilə digər imkanlardan da istifadə olunurdu. Həmin dövrdə təkcə Naxçıvan Muxtar Respublikasından müdafiə fonduna 12 kiloqram qızıl və gümüş, 180 milyon 89 min manat nağd pul, 70 min ton ət və digər ərzaq məhsulları, 160 min dəstdən çox isti paltar, 10 mindən artıq bağlama göndərilmişdir.
Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: "Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.
Ümummilli liderimizin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May respublikamızda Qələbə Günü kimi rəsmiləşdirilmiş, dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilmişdir. Onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görülmüş, imtiyazları və statusları bərpa olunmuşdur.
1941-1945-ci illər müharibəsində igidlik göstərən müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı ilə əhatə edilmişlər. "Biz veteranlarımıza çox mehriban münasibət bəsləyirik. Onlara vaxtaşırı mənzillər, istirahət üçün sahələr, pul mükafatları ayrılır. Onlar xalqımızın fəxridir. Biz həlak olanların xatirəsinə də ehtiramla yanaşırıq və əminik ki, gənc nəslin qəhrəmanlıq və Vətənə məhəbbət ənənələrini davam etdirməsi üçün onlar məhz bu cür fədakar qəhrəmanlıq və Vətənə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Ölkə Prezidenti cənab İlham Əliyevin "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2020-ci il 24 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti təzahürüdür. İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği də mütəmadi artırılır. Bu istiqamətdə növbəti artım kimi, ötənilki illə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılmışdır.
"Böyük Vətən müharibəsi iştirakçılarının "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında” 2020-ci il 1 may tarixli Sərəncam bu təbəqədən olan vətəndaşlara dövlət başçısının xüsusi diqqət və qayğısının növbəti göstəricisidir.
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da müharibə veteranlarına xüsusi qayğı ilə yanaşılır, onların sosial müdafiəsi gücləndirilir, veteranlar sanatoriya və kurortlara göndərilir, minik avtomobilləri ilə təmin olunurlar. Muxtar respublikada 1941-1945-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin mənəvi, hərbi-vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilmişdir. Hər il 9 May – Qələbə Günü muxtar respublikada geniş şəkildə qeyd olunur. 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələr önündə tədbirlərin keçirilməsi, müharibə veteranlarına hədiyyələrin verilməsi və digər tədbirlər bu kateqoriyadan olan insanlara göstərilən diqqətin əyani ifadəsidir.
1941-1945-ci illər müharibəsinin qələbə ilə başa çatdırılmasında həlledici rol oynayan Azərbaycan xalqı müharibədə şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini heç vaxt unutmur. 1941-1945-ci illər, eləcə də Azərbaycan Vətən Müharibəsi iştirakçılarının şərəfli ömür yolu sonrakı nəsillər üçün də bir məktəbdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: "Bu gün cəmiyyətimizdə müharibə veteranlarına böyük hörmət və ehtiram vardır. Onların döyüşlərdə göstərdikləri rəşadət, müharibədən sonrakı bərpa və quruculuq illərində çəkdikləri zəhmət Vətənə xidmət nümunəsi – həyat dərsidir. Vətəni sevmək, Vətən torpağını qorumaq və mənsub olduğu ölkəni inkişafa qovuşdurmaq dərsidir. Gənc nəsil bu dərsi mənimsəyərək özündən sonrakı nəsillərə ötürməli, nəsillər arasındakı varislik ənənələri davam etməlidir”.