Prezidentin Mətbuat Xidmətinin məlumatı
07.05.2020
Mayın 7-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Emoməli Rəhmon koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardımı yüksək qiymətləndirərək indiki çətin dövrdə bunu qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirdi.
Dövlətimizin başçısı dost və qardaş xalqlarımızın hər zaman, xüsusilə də ağır pandemiya dövründə bir-birinin yanında olmasının önəmini vurğuladı və bunu dostluq münasibətlərimizin təbii göstəricisi kimi qiymətləndirdi.
Dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkələrimizdə həyata keçirilən işlər barədə fikir mübadiləsi apardılar və ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın perspektivləri, nəqliyyat-tranzit problematikası ilə bağlı məsələləri müzakirə etdilər.