Çin Qoşulmama Hərəkatının fəaliyyətini dəstəkləyir
06.05.2020
Çin Qoşulmama Hərəkatının COVID-19 pandemiyasının nəzarət altına alınması ilə bağlı fəaliyyətini dəstəkləyir.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Xua Çunyin bildirib.
Ölkəsinin Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşünün yekununda qəbul olunmuş Bəyannaməni dəstəklədiyini bildirən Xua Çunyin deyib ki, sənəddə pandemiyaya qarşı mübarizədə və bu istiqamətdə əməkdaşlıqda Ümumdünya Səhiyyə Təşkilatının lider rolu əks olunub.
Çin XİN rəsmisi Qoşulmama Hərəkatının beynəlxalq məsələlərdəki mövqeyini yüksək qiymətləndirərək, üzv ölkələrin pandemiyaya qarşı mübarizədə əməkdaşlıq etmələrinin vacibliyini bildirib.
"Qoşulmama Hərəkatı inkişaf etməkdə olan ölkələrin həmrəylik yolu ilə daha güclü olmasının vacib simvoludur və beynəlxalq məsələlərdə vacib rol oynayır", - deyən Xua Çunyin əlavə edib ki, Çin pandemiya ilə mübarizə aparmaq və bütün bəşəriyyət üçün ümumi gələcəyin qurulmasının təşviqi üçün inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını qorumaq məqsədilə Qoşulmama Hərəkatı ilə əməkdaşlığı dərinləşdirməyə hazırdır.
Qeyd edək ki, mayın 4-də Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşü keçirilib və yekunda Bəyannamə qəbul edilib.