Fransa Senatı vaxtı iyulun 10-dək uzadıb
06.05.2020
Fransa Senatı hökumətin fövqəladə sanitar vəziyyətinin uzadılması ilə bağlı təqdim etdiyi qanun layihəsini müəyyən şərtlərlə ilk oxunuşda qəbul edib.
Sağların üstünlük təşkil etdiyi Fransa Yuxarı Palatasında mətn 240 səs lehinə və əksəriyyəti solçular olan 80 səs əleyhinə olmaqla qəbul edilib.
Fövqəladə sanitar vəziyyətin uzadılmasına dair qanun layihəsi bu həftənin sonunadək Milli Assambleyada da müzakirə olunaraq, qəti şəkildə qəbul ediləcək.
Senatorlar əsasən ictimai azadlıq məsələlərinə görə narahatlıqlarını bildiriblər.
"Təcridolma rejimindən uğurla çıxmaq üçün səfərbər olmuşuq, qətiyyətliyik, ancaq əmin olmadan bunu etməyəcəyik”,- deyə senator Filip Bas mətbuata açıqlamasında bildirib.
Səhiyyə naziri Olivier Veranın sözlərinə görə qanun layihəsinin yeddi maddəsi fövqəladə sanitar rejiminin "hüquqi bazasını möhkəmləndirmək" və "təcridolma rejimindən çıxmaq məsələlərini özündə birləşdirmək" məqsədi daşıyır.
Qanun layihəsində ən çox müzakirə olunan Fransa ərazisinə daxil olanlarla bağlı karantin rejimi kimi yeni tədbirlər, eləcə də xəstələri və onların əlaqədə olduğu şəxslərin izlənməsi məqsədilə yaradılan "informasiya sistemi”dir.
Qanun layihəsində fövqəladə sanitar rejimin iyulun 24-dək uzadılması təklif olunsa da, Senat bu vəziyyəti iyulun 10-dək uzadılmasına razılaşıb.
Qeyd edək ki, Fransada fövqəladə sanitar vəziyyətin uzadılmasının təcridolma rejimindən çıxmağa təsiri yoxdur.