İsveç koronavirusla mübarizədə nəyə arxalanır
05.05.2020
İsveç hökumətinin və Dünya Səhiyyə Təşkilatı Baş katibinin müşaviri, epidemioloq Han Gizeke ölkə hakimiyyətinin koronavirus infeksiyası ilə mübarizədə elmə əsaslanan tədbirlərə arxalandığını bildirib.
Han Gizeke RBK telekanalına müsahibəsində iki belə tədbirin olduğunu deyib. "İlk növbədə əlləri yumaq, ikincisi isə sosial distansiyaya riayət etmək, yəni başqa insanlara çox yaxınlaşmamaq lazımdır”, - deyə epidemioloq izah edib.
O, həmçinin sərhəd nəzarətinin sərtləşdirilməli olduğunu da bildirib. Bundan başqa, Han Gizeke sosial distansiyanın qorunması üzrə tövsiyələrə əməl edən isveçlilərin yüksək intizama malik olduqlarını vurğulayıb.
Mart ayında Şengen zonası ölkələri koronavirus səbəbindən Avropa daxilində hərəkəti məhdudlaşdırıb, həmçinin üçüncü ölkə vətəndaşlarının Avropa İttifaqına vacib olmayan səfərlərini qadağan edib.
İsveç koronavirus pandemiyası səbəbindən ümumi karantin tətbiq etməyən azsaylı dövlətlərdən biridir. Ölkə vətəndaşlarına sosial məsafəni qorumaq, evlərində çalışmaq və ölkə daxili səfərlərdən imtina etmək tövsiyə olunur.
Martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 15:00-a olan məlumatına əsasən, dünyada 3 milyon 663 mindən çox yoluxma və 252 min 758 ölüm faktı qeydə alınıb, 1 milyon 205 min 904 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
İsveçdə koronavirusa yoluxanların sayı 22 min 700 nəfəri ötüb, 2 min 769 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.