Çindən Sumqayıta yardım göndərib
05.05.2020
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dəstək məqsədilə Çin Xalq Respublikasından Azərbaycan Respublikasına humanitar yardımlar daxil olmaqda davam edir. Bu günlərdə Syan şəhəri tərəfindən qardaş şəhər münasibətlərində olduğu Sumqayıta COVID-19 pandemiyası ilə mübarizədə dəstək üçün tibbi vasitələrdən ibarət humanitar yardım göndərilib.
Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyindən bildirilib ki, Sumqayıta 100 min ədəd gündəlik qoruyucu tibbi maska, 10 min ədəd N95 tibbi maska, COVID-19 virusunu müəyyən edən 10 min ədəd test dəsti, 5000 ədəd qoruyucu geyim, 5000 ədəd qoruyucu tibbi eynək, 1 ədəd süni tənəffüs aparatı, 1 ədəd koronavirus nukleyd turşusunu müəyyən edən laborator aparat və 100 ədəd məsafədən ölçən infraqırmızı termometrdən ibarət yardım göndərilib. Yardım artıq Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilib.
Sözügedən humanitar yardım şəhərin tibb müəssisələrinə paylanılacaq və koronavirusla mübarizədə istifadə olunacaq.
Qeyd edək ki, 2019-cu il iyulun 5-də Sumqayıt şəhəri ilə Syan şəhəri arasında dostluq əlaqələrinin qurulması haqqında Niyyət protokolu imzalanıb. Cari ilin fevral ayında, Çində COVID-19 pandemiyasının yayıldığı dövrdə Sumqayıt Syan şəhərinə tibbi vasitələrdən ibarət humanitar yardım göndərmişdi. Hazırda isə Syan şəhəri tərəfindən Sumqayıta humanitar tibbi yardım çatdırılıb. Bu cür qarşılıqlı yardımlaşma məhz iki şəhər arasında qurulmuş əməkdaşlığın, o cümlədən iki xalq arasında təşəkkül tapmış dostluğun ən bariz göstəricisidir.