Bakıda silah-sursat gəzdirən şəxs saxlanılıb +VİDEO
05.05.2020
Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Baş İdarəyə Rəşad adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəşad Qasımov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd "Licenced Trodemarkof NEW” markalı tapança, altı ədəd patron, bir ədəd patron darağı və bir ədəd bıçaq aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin idarə etdiyi "Hyundai” markalı avtomobilə baxış zamanı bir ədəd nömrəsi silinmiş "TOZ 8” markalı ov tüfəngi, bir ədəd "İJ-53” markalı pnevmatik tapança, bir ədəd lüləsi və qundağı kəsilmiş "TOZ B” markalı ov tüfəngi, bir ədəd "Gamo” markalı pnevmatik tüfəng, 14 ədəd patron və bir ədəd bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı Rəşad Qasımov barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.