“Azercell”dən müəllimlərə dəstək
30.04.2020
Ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə başlanılan "Virtual məktəb” layihəsi çərçivəsində Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstək çağırışlarına "Azercell” də qoşulub.
Təhsil Nazirliyindən bildirilib ki, şirkət bu məqsədlə yaradılmış "Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və "Azercell” abunəçisi olan 25 mindən çox müəllim-pedaqoji heyətin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 AZN dəyərində 5GB internet paketi yükləməklə təşəbbüsə öz dəstəyini verəcək.
Qeyd edək ki, onlayn tədris üçün internet paketi alacaq müəllim-pedaqoji heyətin siyahısı www.virtual.edu.az saytında aparılan qeydiyyat prosesinə əsasən Təhsil Nazirliyi tərəfindən təqdim olunur.
Hədiyyə paketinin qoşulması üçün bir neçə mühüm texniki şərtlər mövcuddur. Həmin şərtlər barədə ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.