ABŞ-da 24 min yeni yoluxma
29.04.2020
ABŞ-da son sutka ərzində 24 min 385 insanın koronavirusa yoluxduğu aşkarlanıb, COVID-19 xəstəliyindən daha 2 min nəfər həyatını itirib.
Federal və yerli hakimiyyət orqanlarının, həmçinin KİV və digər açıq mənbələrin məlumatları əsasında pandemiyanın statistikasını aparan Cons Hopkins Universiteti xəbər verir ki, son 24 saat ərzində ABŞ-da yeni koronavirus infeksiyası 2 min 96 nəfərin ölümünə səbəb olub. Öncəki gün isə bu rəqəm xeyli az idi - 1378 nəfər. Aprelin 28-də 22 min 412 nəfərin, 29-da isə 24 min 385 nəfərin koronavirusa yoluxduğu üzə çıxıb.
Hazırda ABŞ-da yeni koronavirusa yoluxanların ümumi sayı 1 milyon 12 min nəfəri, ölənlərin sayı isə 58 min nəfəri ötüb.
Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar, bütün dünyanı bürüyüb. Martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib.