Çin Nyu-Yorka tibbi ləvazimatlar göndərib
25.04.2020
Çində yeni növ koronavirusdan (COVID-19) ən çox əziyyət çəkmiş Hubey vilayəti ABŞ-da oxşar vəziyyəti yaşayan Nyu-York şəhərinə tibbi ləvazimatlar göndərib.
DM Çin KİV-lərinə istinadla xəbər verir ki, vilayətin inzibati mərkəzi olan Uxan şəhərindən 20 tonluq tibbi ləvazimatı aparan təyyarə artıq Nyu-Yorka çatıb.
Uxandan növbəti günlərdə ABŞ-ın San-Fransisko şəhərinə, habelə Avropada Roma, London və Frankfurta tibbi ləvazimatların göndərilməsi planlaşdırılıb. Yükləri "China Southern" aviasiya şirkətinə məxsus təyyarələr daşıyır.
Qeyd edək ki, COVID-19 pandemiyası ilə mübarizədə istifadə etmək üçün Çindən tibbi ləvazimatların ilk partiyası martın sonunda ABŞ-a çatdırılıb. Bura Çinin ianə kimi göndərdiyi fərdi qoruyucu vasitələrlə yanaşı, ABŞ-ın Çin şirkətlərindən aldığı tibbi ləvazimatlar da daxildir.