Çində 10 gündür koronavirusdan ölüm yoxdur
25.04.2020
Yeni növ koronavirusun (COVID-19) aşkarlandığı Çində son 10 gündə bu virus səbəbindən ölüm faktı qeydə alınmayıb.
Bbu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi açıqlama verib. Ötən sutka ərzində Çində COVID-19 infeksiyasına 12 yeni yoluxma halı aşkarlanıb ki, onun 11-i xarici mənşəli yoluxmadır. İndiyədək Çinə xaricdən gələn 1629 nəfərin COVID-19 daşıyıcısı olduğu məlum olub. Komitənin məlumatına əsasən, hazırda ölkədə 838 aktiv COVID-19 xəstəsi var.
Qeyd edək ki, Çinin materik hissəsində yeni növ koronavirusa yoluxanların ümumi sayı 82 min 816 nəfərdir. Onların 77 min 346 nəfəri sağalaraq xəstəxananı tərk edib, 4632 nəfər ölüb. Çinin Honkonq xüsusi inzibati bölgəsində 1038 yoluxma və 4 ölüm, Makao xüsusi inzibati bölgəsində 45 yoluxma, Tayvan adasında isə 429 yoluxma və 6 ölüm qeydə alınıb.