Rusiya XİN mövqeyini açıqlayıb
24.04.2020
ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bizim mövqeyimiz Rusiya, ABŞ və Fransanın rəhbərlərinin birgə bəyanatlarında dəfələrlə səsləndirilib.
Bu barədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli nizamlanması barədə erməni tərəfinin bəyanatına münasibətdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin şərhində deyilir. Rusiya XİN-də qeyd ediblər ki, Rusiyanın mövqeyi Helsinki Yekun Aktının başlıca prinsiplərinə, o cümlədən güc tətbiq etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ prinsiplərinə əsaslanır. "Bu bəyanatlardakı nizamlanma elementlərinə Dağlıq Qarabağ ətrafında yerləşən ərazilərin qaytarılması, həmçinin sakinlərin iradəsini bildirməsi yolu ilə Dağlıq Qarabağın qəti hüquqi statusunun müəyyən edilməsi də daxildir. Nəzərdən keçirilmiş və hazırda baxılan sənəd və təkliflərə gəlincə, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov onları sadalayıb”, - deyə nazirliyin şərhində bildirilir.
Şərhdə deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi kifayət qədər həssas məsələdir. "Bu mövzunu ictimai debatlara çevirmək səmərəsizdir. Buna əsaslanaq ki, nizamlanma məsələsi yaranan format çərçivəsində danışıqların gedişində nəzərdən keçirilməlidir. Bu mövzuya məsləhətləşmələr davam edir. Məsələn, aprelin 21-də Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin həmsədrlərin iştirakı ilə keçirilən videokonfransı buna sübutdur”, - deyə Rusiya XİN-də bəyan ediblər.