“McDonald's”ın qarşısında bir neçə kilometrlik növbə
21.04.2020
Fransanın paytaxt regionunda "McDonald's” restoranının işini bərpa etməsi karantin şəraitində klassik fastfud üçün darıxan avtomobil sürücülərinin bir neçə kilometr uzunluğunda növbəsinə səbəb olub.
DM BFMTV telekanalına istinadla xəbər verir ki, aprelin 20-də Sena və Marna departamentində restoranın açılması barədə xəbər ildırım sürəti ilə yayılıb. Burada sürücülərə avtomobildən çıxmadan qida satılan "Drive McDo” tipli xidmətdən söhbət gedir.
Artıq aprelin 20-si axşam saatlarında restoranın qarşısında bir neçə kilometrlik növbə yaranıb.
Fransada ictimai iaşə obyektlərinin evə çatdırılma və özü ilə aparma xidmətləri karantin dövründə qadağan edilməyib və "McDonald's” yalnız aprelin 20-də Paris ətrafında avtomobil restoranını açmaq qərarına gəlib.
Qeyd edək ki, Fransada koronavirus epidemiyası səbəbindən izolyasiya rejimi mayın 11-nə qədər uzadılıb. Bu tarixdən sonra sanitar vəziyyətin imkan verəcəyi təqdirdə ölkə tədricən karantindən çıxacaq. Fransada insanların hərəkətinə tətbiq edilən sərt məhdudiyyətlər martın 17-dən tətbiq edilir. Ölkədə kafe və restoranlar, kinoteatrlar, muzeylər, parklar, qeyri-ərzaq mağazaları, təhsil müəssisələri fəaliyyətini dayandırıb.