Braziliya prezidenti mitinqdə iştirak edib
20.04.2020
Braziliya Prezidenti Jair Bolsonaru yerli hakimiyyətin koronavirus səbəbindən kütləvi tədbirlər keçirməmək barədə tövsiyəsinə baxmayaraq aprelin 19-da axşam saatlarında öz tərəfdarları ilə ölkənin paytaxtında ordu gününə həsr olunan mitinqdə iştirak edib.
AZƏRTAC Braziliya mətbuatına istinadla xəbər verir ki, Jair Bolsonaru mitinq iştirakçılarının sıx toplandığı mitinqə gəlsə də, nümayişçilərə çox yaxınlaşmayıb və onları məsafədən salamlayıb.
Regional hökumət koronavirusla mübarizə çərçivəsində Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən istisnasız olaraq bütün vətəndaşların hərəkətini məhdudlaşdırıb. Lakin ölkə prezidenti ticarət və xidmətlərə maneə yaradan vəziyyəti tənqid edir və yalnız risk qrupunda olan, həmçinin 60 yaşından yuxarı insanların evdə qalmasını nəzərdə tutan "vertikal izolyasiya” tədbirlərini vacib sayır.
Koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı fikir ayrılığı səbəbindən istefaya göndərilən sabiq Səhiyyə naziri Enrike Mandetta dəfələrlə kütləvi tədbirlərdə iştirak edən prezidentin hərəkətini dolayı yolla tənqid etmişdi.
Xatırladaq ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 12:00-a olan məlumatına əsasən, dünya üzrə 2 milyon 414 mindən çox yoluxma və 165 min 153 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 629 min 390 nəfərə çatıb.
Braziliyada indiyə qədər yeni koronavirusa yoluxanların sayı 38 min nəfəri ötüb, 2 min 462 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.