Əmək müqavilələrinin sayında 80 min artım
17.04.2020
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa qarşı həyata keçirilən kompleks mübarizə tədbirləri əmək müqavilələrinin sayının artmasına da imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, nazirliyin xidməti olan "Əmək müqaviləsi bildirişi” e-sistemindən əldə olunan məlumata əsasən, cari ilin əvvəli ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 80 min artıb.
Qeyd edək ki, pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması diqqətdə saxlanılır. Bu məqsədlə nazirlik tərəfindən "Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib, gündəlik nəzarət aparılır.
Bu sektorda iş yerlərinin qorunması, xüsusilə də əmək müqavilələrinin sayının artması işəgötürənlərin sosial həmrəylik prinsipinə sadiqliyini göstərir.
İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı hüquqi təminat yaradır.