Tramp açılış planını elan edib
17.04.2020
Prezident Donald Tramp ABŞ iqtisadiyyatının açılışı planını elan edib. Məlum olduğu kimi, Tramp administrasiyası və ştatların qubernatorları koronovirusla bağlı məhdudiyyətlər tətbiq ediblər: müəssisələrin, məktəblərin, ikinci dərəcəli idarələrin bağlanması ölkə iqtisadiyyatına ciddi təsir göstərib.
Trampın sözlərinə görə, ABŞ-da karantin mərhələli şəkildə ləğv ediləcək. Ştatlarda məhdudiyyətlərin götürülməsi haqqında qərar prezident administrasiyasının tövsiyələri və virusun lokal səviyyədə yayılma dərəcəsi əsasında ştatların hakimiyyəti tərəfindən qəbul ediləcək. Ağ evin rəhbəri bildirib ki, ştatlarda əlverişli epidemioloji vəziyyət yaransa, qubernatorlar artıq cümə günündən normal iqtisadi fəaliyyətə başlaya biləcəklər.
Tramp deyib ki, məhdudiyyətlərin götürülməsi planı üç mərhələdən ibarətdir. İnsanların xəstələnməsi, testləşdirmə və xəstəxanaların iş rejimi ilə bağlı konkret şərtlər nəzərdə tutulur, tətbiq edilən sanitar-gigiyenik tələblər qüvvədə qalır, həmçinin koronavirusun payızda yenidən yayıla biləcəyi də nəzərə alınır.
Koronavirusa qarşı mübarizə məqsədilə Ağ evdə yaradılmış qrupun əlaqələndiricisi doktor Debora Birks bildirib ki, birinci mərhələyə keçid üçün ştatlar xüsusi əhəmiyyətli sənaye sahələrinin işçilərinin sağlamlığın qorunması və onların təhlükəsizliyinin təmin olunması, testləşdirmə və əlaqələrin izlənilməsi sahəsində müəyyən tələblərin təmin olunması üzrə planları təqdim etməlidirlər. Onlar həmçinin, fərdi qorunma vasitələrini və xəstəxanalar üçün lazımlı tibbi avadanlığı müstəqil çatdırmaq və ştatların hospitallarında intensiv terapiya bölmələrini genişləndirmək imkanına malik olmalıdırlar.
Cümə axşamı üçün olan məlumata görə, ABŞ koronavirusa yoluxmuş insanların sayına görə (677 mindən çox) əvvəlki kimi dünyada birinci yerdədir. ABŞ-da koronavirusdan ölənlərin sayı təxminən 34617 nəfərdir.