Çin ölənləri yenidən hesablayıb
17.04.2020
Çinin Uxan şəhərində indiyədək yeni növ koronavirusa (COVID-19) yoluxanların və bu virus səbəbindən ölənlərin sayı təftiş edilərək yenidən hesablanıb.
Təftişin nəticələrinə əsasən ölkədə virusun episentri olan Uxan şəhərində yoluxanların sayına 325 nəfər əlavə edilib və ümumi rəqəm 50 min 333-ə qalxıb. Ötən müddətdə Uxanda 1290 nəfərin də koronavirusdan öldüyü təsdiqlənib və ölənlərin ümumi sayı 3869 nəfər kimi qeydə alınıb. Beləliklə, Çində indiyədək COVID-19 infeksiyasından ölənlərin ümumi sayı 4632-yə çatıb.
Uxan bələdiyyəsinin açıqlamasında qeyd olunur ki, təftiş bu sahədə mövcud qanunvericiliyə və qaydalara uyğun aparılıb. Təftiş nəticəsində virusun yayıldığı ilk günlərdə evində ölənlərin qeydə alınmaması, epidemiyanın qızğın vaxtında öz imkanlarından artıq işləyən xəstəxanalarda tibbi personalın xəstələrin müalicəsi ilə gərgin məşğul olduğu üçün ölüm saylarının qeydə alınmasını gecikdirməsi və səhvlərə yol verməsi, COVID-19 pasiyentlərinin müalicəsinə cəlb olunmuş xəstəxanaların sayının sürətlə artması ilə əlaqədar olaraq epidemiya informasiya şəbəkəsi ilə bağlı olmayan bir neçə tibb müəssisəsinin öz məlumatlarını vaxtında bildirə bilməməsi, habelə bəzi ölüm halları haqqında qeydiyyatdan keçmiş məlumatların tamamlanmaması və hesabatlarda səhvlərə yol verilməsi aşkarlanıb.
Qeyd edək ki, ötən il dekabrın son günlərində Çinin Hubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində aşkarlanan COVID-19 qısa müddətdə bütün Çinə və dünyaya yayılıb. Son məlumata əsasən, Çində yoluxanların sayı 82 min 652 nəfərə çatıb. Dünya üzrə bu rəqəm 2 milyon 184 mini, ölüm sayı isə 146 mini ötüb.