Çində məktəbdə dərslər bərpa olundu
15.04.2020
Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı Hubey vilayəti istisna olmaqla digər şəhər və vilayətlərin məktəblərində dərslərin bərpasına başlanılıb.
Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması fonunda ümumi orta (VII-IX siniflər) və tam orta (X-XII siniflər) məktəblərin son (buraxılış) siniflərində dərslər bərpa olunub. Şagird və müəllimlərin epidemioloji qaydalara uyğun olaraq qoruyucu maska taxmaları, şagirdlərin əllərini xüsusi maddələrlə tez-tez dezinfeksiya etmələri məcburidir. Bundan başqa, gün ərzində bir neçə dəfə şagirdlərin bədən hərarəti ölçülür. Təhsil Nazirliyi bütün məktəb rəhbərlərinə sinif otaqlarının tez-tez dezinfeksiya olunmasını, müvəqqəti karantin otaqlarının ayrılmasını tapşırıb.
Qeyd edək ki, Çində COVID-19 infeksiyası yayılmağa başlayanda bütün tədris müəssisələrində dərslərin başlanması təxirə salınmış, onlayn dərslərin təşkilinə başlanılmışdı. Aprelin sonunadək bütün vilayət və şəhərlərdə ümumi orta və tam orta məktəblərin buraxılış siniflərində dərslər bərpa olunacaq. Paytaxt Pekinin tam orta məktəblərinin buraxılış siniflərində dərslər aprelin 27-də, ümumi orta məktəblərinin son siniflərində isə mayın 11-də başlanacaq. Virusdan ən çox əziyyət çəkmiş Hubey vilayətində dərslərin başlanma vaxtı daha sonra elan ediləcək.
Ölkə üzrə tam orta məktəblərə qəbul imtahanı isə iyulun 17-19-da, ali məktəblərə qəbul imtahanları ("Gaokao”) isə iyulun 7-9-da keçiriləcək.