Süleyman Soylu istefa verib
13.04.2020
Türkiyə Daxili İşlər naziri Süleyman Soylu istefa verib.
O, bu barədə özünün "Twitter” səhifəsində məlumat verib.
Nazir açıqlamasında yazıb ki, həftəsonu ölkədə komendant saatının epidemiyanın qarşısının tamamilə alınması üçün tətbiq edilməsi bütün məsuliyyəti ilə ona aiddir. Hətta məhdud saatların əvvəlində qeydə alınan görüntülər, mükəmməl idarə olunan bu prosesə uyğun gəlməyib.
Açıqlama belə davam edir: "Bütün təcrübə və məsuliyyətlərimizi yaşadığımız bu tədbir belə görüntülərə səbəb olmamalı idi. Bu, vicdanla, həftə sonu epidemiya və yoluxmanın dayandırılması üçün atılan bir addım idi. Heç vaxt zərər vermək istəmədiyim əziz millətim, ömrümün sonuna qədər sadiq qalacağım prezidentimiz məni bağışlasın. Mən şərəflə icra etdiyim Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsindən çəkilirəm”.
Türkiyədə aprelin 11-də gecə 00.00-dan etibarən qüvvəyə minən iki günlük komendant saatını elan olunandan az sonra bəzi vətəndaşlar toplu şəkilə alış-veriş üçün marketlərə yüyürmüşlər. Həmin mənzərələrə dair video-görüntülər bəzi televizya kanalları vasitəsilə canlı yayın şəkilində nümayiş olundu. Ümumilikdə götürəndə, həmin görüntülər Türkiyə hökumətinin bütün dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizəsinə uyğun deyildi. Eyni zamanda Türkiyə ictimaiyyəti ilk gündən bu məsələdə dövlətlə həmrəy olduğu halda, aprelin 10-dan 11-nə keçən saatlarda baş verənlər ümumilikdə Türkiyə xalqının həmrəyliyini əks etdirmir.
Nazir Süleyman Soylu bu mövzu ilə bağlı açıqlamasında bildirmişdi ki, əgər məlum kamentdant saatı daha tez elan olunsaydı, vətəndaşların bir yerə toplanması daha kütləvi xarakter ala bilərdi.
Məlum xoşagəlməz hadisələri bir kənara qoymaqla qeyd edə bilərik ki, iki günlük komendant saatını yüksək səviyyədə başa çatmışdır. Evdən çıxmaq qadağası Ankara, İstanbul, İzmir və digər mərkəzi şəhərlər daxil olmaqla, ölkənin 31 vilayətini əhatə edib. Rəsmi məlumata görə, iki günlük ev şəraitində qalma məhdudiyyəti ölkə əhalisinin 63,64 milyonuna aid idi. Bu qadağa orta hesabla əhalinin 70 faizinə şamil olunub. Ölkə ictimaiyyətinin tanınmış simaları sosial şəbəkə və KİV vasitəsilə vətəndaşlara çağırışlar edərək ümummilli məsələlərdə məsuliyyətli olmağa dəvət ediblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, iki gün ərzində məlum qaydaları pozan 18 min 770 nəfərə hüquqi və inzibati cəza tətbiq olunub.
Hakim Ədalət və İnkişaf Partiyasının ən məhsuldar nazirlərindən sayılan Süleyman Soylunun uğurlu fəaliyyətlərindən biri də terroçuluqla mübarizədə qazanılan nailiyyətlərdir. Onun xüsusilə PKK terrorçularına qarşı barışmaz mövqeyi bütün hallarda həm Prezident Rəcəb Tayyib Ərdoğan, həm də ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.
Süleyman Soylunun nazir olduğu dövrdə Türkiyə hökuməti terrorizmlə mübarizənin istiqamətlərinin çoxşaxələndirmişdir. Təhlükəli terrorçuların zərəsizləşdirilməsi üçün onların qruplara ayrılıb axtarışa verilməsi və ələ keçirilmələri üçün pul mükafatının təsis edilməsi uğurlu nəticə vermişdir. Bundan başqa, əsasən aldadılma və hədə-qorxu yolu ilə terrorçu təşkilatların, eləcə də PKK-nın sıralarına daxil olan şəxslərin normal həyata dönməsi üçün mühüm bir strategiyanın əsası qoyulmuşdur. Ötən illər PKK sıralarına daxil olan vətəndaşların ailələri ilə aparılan danışıqlar və digər təbliğat vasitələri əsasında yüzlərlə şəxs təhlükəsizlik orqanlarına təslim olub. Türkiyə daxilində antiterror əməliyyatlarının aparılması prosesində digər dövlət güc qurumları ilə səmərəli əməkdaşlıq edən Daxili İşlər Nazirliyi xüsusilə ölkənin şərq və cənub-şərq bölgəsində yerli əhalinin dəstəyini ala bilmişdir. PKK-ya məxsus yüzlərlə düşərgə, mağara, sığınacaq, cəbhəxana ələ keçirilmiş və əvvəllər terror təşkilatının əlində olan bölgələr təhlükəsizlik orqanlarının nəzarətinə keçmişdir.
Qeyd edək ki, hələlik istefa ilə bağlı rəsmi açıqlama yoxdur.