21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sevil QƏNBƏROVA təqdim edir Pandemiyası zamanı uşaqlarda emosional dəyişikliklər

11.04.2020

Tibb tarixində bir sıra pandemiyalar olmuşdur. 20-ci əsrdə bir neçə onilliklər fasiləsi ilə üç qrip pandemiyası baş vermişdir, ən ağırı 1918-1920-ci illərdə 20-50 milyon insanın ölümünə səbəb olan "İspan qripi” (törədici A (H1N1) virusu) idi.

Sonradan daha yüngül pandemiyalar 1957-1958-ci illərdə "Asiya qripi” (törədici A (H2N2) virusu) və 1968-ci ildə "Honq Konq qripi” (törədici A (H3N2) virusu) olmuşdur. Son iki pandemiyanın hər biri 1-4 milyon insanın ölümünə gətirib çıxartmışdır. "İspan qripi” o qədər insanı həyatdan aparmışdır ki, Birinci və İkinci Dünya müharibələri bir yerdə götürdükdə o qədər insanın həyatını itirməsinə səbəb olmamışdır. "İspan qripi”ndən dünyanın 5%-ə yaxın əhalisi ölmüşdür. Ən təhlükəlisi o idi, bu qripə nə karantin, nə də heç ehtiyat tədbirləri təsir etmirdi. "İspan qripi” pandemiyası əsasən 18-45 yaşlı cavan şəxslərin ağır xəstələnib ölməsinə səbəb olmuşdur.

21-ci əsrdə baş verən koronavirus infeksiyası (COVID-19) pandemiyası (törədici SARS-CoV-2 virusu) 2019-cu ilin dekabr ayında Çində başlamış və hazırda bütün dünyaya yayılmaqda davam edir. Azərbaycan daxil olmaqla, bütün dünyada koronavirus infeksiyasına tutulmuş xəstələr arasında COVID-19-un uşaqlar üçün böyüklərə nisbətən yüksək risk təşkil etmədiyi müəyyən edilmişdir. Bəzi uşaqlar və körpələr COVID-19 ilə xəstələnsə də, bu günə qədər xəstələnmə hallarının əksəriyyətini böyüklər təşkil edir. Lakin koronavirus infeksiyası pandemiyası uşaqlarda emosional dəyişikliklərin yaranmasına səbəb olur. Bu özünü iştahsızlıq, narahatlıq, qorxu, qəmginlik, diqqəti toplamaqda çətinlik, stress və s. əlamətlər ilə göstərir. Uşaqlarda belə dəyişikliklər müşahidə edən valideynlər, böyüklər biganə qalmamalı, onların aradan qaldırılmasına dəstək olmalıdırlar.

Koronavirus xəstəliyinin əlamətləri uşaqlarda və yetkinlərdə eynidir. Bununla yanaşı, COVID-19 təsdiqlənmiş olan uşaqlarda, ümumiyyətlə, yüngül əlamətlər müşahidə olunur. Xəstəlik onlarda qızdırma, burun axması və öskürək kimi soyuqdəymə simptomları ilə təzahür edir. Bu simptomlara qusma və ishal əlamətləri da qoşula bilər. Bununla yanaşı, aşağıda göstərilən xəstəlikləri olanlar və xüsusilə də yaxşı nəzarət edilməyən pasiyentlər ağır gedişli respirator xəstəliklər, o cümlədən koronavirus infeksiyası üçün yüksək risk qrupuna aid edilirlər:

- Xroniki ağciyər xəstəliyi və ya orta ağır dərəcədə astma;

- ciddi ürək xəstəlikləri;

- immun çatışmazlığı;

- diabet;

- xroniki böyrək xəstəliyi;

- qaraciyər xəstəliyi.

Koronavirusun törətdiyi xəstəlik ətrafında ictimaiyyət arasında gedən söhbətlər artdıqca uşaqlar özləri, ailələri və dostlarının COVID-19 ilə xəstələnməsindən narahat ola bilərlər. Valideynlər, ailə üzvləri, məktəb işçiləri və uşaqların etibar etdiyi digər şəxslər uşaqlara eşitdiklərini doğru anlamalarında və narahatlıq, qorxularını minimuma endirməkdə köməkçi olmaq üçün onlar ilə bu barədə danışmalı, söhbətlər etməlidirlər. Uşaqlarla danışarkən aşağıdakı ümumi prinsiplər nəzərə alınmalıdır:

- sakit və rahat olmaq, uşaqların da rahat olmalarını istəmək;

- unutmamalı ki, uşaqlar həm dediklərinizə, həm də necə söylədiyinizə diqqət yetirəcəklər;

- onlar və başqaları ilə etdiyiniz söhbətlərdə işarələrə fikir verəcəklər;

- uşaqları dinləmək və danışmaq üçün vaxt ayırın;

- əmin olun ki, uşaqlar bilirlər ki, sualları olduqda sizə yaxınlaşacaqlar;

- uşaqlar ilə danışarkən başqalarını günahlandıran və ləkələməyə səbəb olan dildən çəkinin;

- unutmayın ki, viruslar insanın irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsə yoluxa bilər. Kimin COVID-19-a yoluxa biləcəyi ilə bağlı fərziyyələrdən çəkinin;

- uşaqların televiziyada, radioda və ya onlayn olaraq nə gördükləri və eşitdiklərinə diqqət yetirin;

- COVID-19-a yönəlmiş ekran vaxtının azaldılması haqqında düşünün. Bir mövzuda çox məlumat uşaqlarda narahatlığa səbəb ola bilər;

- ancaq dürüst və dəqiq olan məlumatı uşaqlara çatdırın. Uşaqlara onların yaşı və inkişaf səviyyəsinə uyğun doğru məlumat verin. COVID-19 "koronavirus xəstəliyi 2019” üçün qısa addır. Yeni bir virusdur. Həkimlər və elm adamları hələ bunu öyrənirlər. Həkimlərin və dövlətimizin hamının təhlükəsiz və sağlam qalması üçün çox çalışdıqlarını xatırladın;

- internetdə və sosial mediada COVID-19 ilə bağlı bəzi hekayələrin şayiələrə və səhv məlumatlara əsaslandığını uşaqlara deyin;

- uşaqları və məktəb işçilərini qorumağa kömək etmək üçün məktəbdə tətbiq edilən hər bir yenilikləri müzakirə edin (məsələn, əl yumanın çoxaldılması, tədrisin müvəqqəti dayandırılması, tədbirlərin və ya fəaliyyətlərin ləğvi və s.);

- COVID-19 virusunun yayılmasını dayandırmaq, uşaqların özlərinin və başqalarının xəstələnməkdən qorunaraq sağlam qalmaları üçün gigiyena qaydalarına riayət edilməsinin vacibliyini izah edin;

- uşaqlara öskürən və ya asqıran, yaxud da xəstə olan insanlardan uzaq durmağın önəmliyini açıqlayın;

- onlara öskürdükdə və ya asqırdıqda quru salfetin içinə və ya dirsək bükümlərinə doğru ağızlarını yönəltmələrini, sonra həmin salfeti dərhal zibil qutusuna atmalarını xatırladın;

- uşaqları əl yuma vərdişinə alışdırın:

* əlləri tez-tez sabun və su və ya spirt əsaslı əl dezinfeksiyaedici maddələr (dezinfektanlar) istifadə edərək təmizləmək. Xüsusən də ictimai yerdə olduqdan və ya burunu üfürdükdən, öskürdükdən və ya asqırdıqdan sonra əllər sabun və su ilə ən azı 20 saniyə yuyulmalıdır. Sabun və su olmadığı təqdirdə ən az 60% spirt əlavə edilmiş əl təmizləyici vasitələrindən istifadə edilə bilər;

* lazım gələrsə, yuyula bilən uşaq oyuncaqları da daxil olmaqla əşyaların yuyulması;

* yuyulmamış əllərlə üz, ağız, burun və gözlərinə toxundurmamağın virus və mikrobların bədəndən kənarda qalmasına kömək etməsini izah edin;

* uşaqları hər şeyi təmiz saxlamaları, evdə və məktəbdə masalar, qapı dəstəkləri, işıq keçiriciləri və uzaqdan idarəetmə kimi ən çox toxunulan əşyaları təmizləməkdə böyüklərə kömək etməyə həvəsləndirin;

* xüsusilə məktəblərdə və uşaq müəssisələrində spirtli içkilərin udulmasının qarşısını almaq üçün əl dezinfektanı vasitələrindən istifadə edərkən gənc uşaqlara nəzarət edin;

* xəstə hiss etdikdə evdə qalmalarını, başqalarının viruslarını bədənimizə almaq istəmədiyiniz kimi, digər insanlar da bizim viruslarımızı almaq istəmədiyini xatırladın.

- arantinlə əlaqədar sosial uzaqlaşma zamanı uşaqlarınızın dostları və məktəb yoldaşları ilə sosial əlaqələrini qorumaları üçün telefon və ya videodanışıqlar qurmalarına kömək edin.

- kiçik yaşlı uşaqlarda zehnin ekssentrik fəaliyyəti üstünlük təşkil etdiyindən, hər şeyin onlarla əlaqəli olduğunu düşünə bilər, buna görə virusun onlara yoluxacağını və ya zərər verəcəyini düşünə bilərlər. Bunu nəzərə alaraq COVID-19 virusu haqqında məlumatları sadələşdirməyə çalışın. Məsələn, son zamanlarda bu virus çox insanı xəstə etdi. Elm adamları və həkimlər insanların əksəriyyətinin, xüsusən də uşaqların yaxşı olacağını düşünürlər, lakin bəzi insanlar bu virusla möhkəm xəstələnə bilər. COVID-19 özünü müxtəlif insanlarda fərqli göstərə bilir. COVID-19 ilə xəstələnmiş bir çox insanda bu, bir qədər qrip xəstəliyinə bənzəyir. Onlarda qızdırma, öskürək və ya dərindən nəfəs almaqda çətinlik ola bilər. COVID-19-a yoluxmuş insanların çoxu xəstəliyi ağır keçirmirlər. Yalnız yoluxanların kiçik bir qrupu daha ciddi problemlər yaşayır. Həkimlərin bu günə qədər olan müşahidələrinə görə uşaqların əksəriyyəti xəstələnmir. Bir çox böyüklər xəstələnsə də, onların da əksəriyyəti sağalır. Hətta əgər uşaqlar xəstələnsə belə, bu, o demək deyil ki, onlarda COVID-19 var. İnsanlar hər növ viruslardan və mikroblardan xəstələnə bilər. Unutmamalı, mühüm şey odur ki, əgər siz xəstələnsəniz, həkimlər və evdəki böyüklər sizə lazım olan hər bir köməyi göstərəcəklər.

Qeyd olunan prinsiplər əsasında qurulan söhbətlər uşaqlara müsbət təsir göstərir və onlarda koronavirus pandemiyası nəticəsində yaranmış emosional dəyişikliklərin aradan qaldırılmasına yardım edir.

Koronavurus xəstəliyi zamanı uşaqlarda yalnız yüngül simptomlar ola bilər, lakin virusu daha yüksək riskli şəxslərə, o cümlədən yaşlılara və ciddi tibbi problemləri olan insanlara keçirə bilərlər. Ona görə uşaqlarınızın koronavirus ilə xəstələnməsindən şübhələnirsinizsə, dərhal tibb müəssisəsinə zəng edərək onlara bildirin.

Sevil QƏNBƏROVA,

tibb elmləri namizədi