Fransanı növbəti dalğa gözləyir
09.04.2020
Fransada COVID-19 pandemiyasından ölənlərin sayı 10 min 869-a çatıb. Xəstəxanalarda son 24 saat ərzində koronavirusdan 541 nəfər ölüb.
Ölkədə COVID-19 pandemiyasından 60 mindən çox insan xəstəxanalara qəbul edilib. Dünən xəstəxanalarda 30 min 375 COVID-19 daşıyıcısı olub ki, onlardan 7048-i reanimasiyadadır.
Bildirilib ki, 21 mindən çox COVİD-19 xəstəsi sağalıb.
Fransanın Atlantik okeanında olan "Charles-de-Gaulle” məşhur təyyarə-daşıyıcı gəmisində 1760 hərbi dənizçidən 40-dək hərbi dənizçinin yeni koronavirusa yoluxduğu bildirilib. Müdafiə Nazirliyi bildirib ki, həmin dənizçilər təcrid olunub və gəmidəki digər dənizçilər test ediləcək.
COVID-19 pandemiyası ilə bağlı təsis edilmiş Elmi Şuranın üzvü Lila Bouadma isə "qara cümə axşamına hazırlaşırıq” deyə qarşıdan gələn günün çətin olacağını bildirib.
Fransada aprelin 15-dək uzadılan təcridolma rejiminin müddətinin artırılacağı gözlənilir. Bu gün Prezident Emmanuel Makron televiziya ilə xalqa müraciət edərək COVID-19 epidemiyası və onunla bağlı tətbiq edilən karantin rejiminin müddəti haqqında danışacaq. Bu COVID-19 epidemiyası başlayandan Fransa Prezidentinin xalqa 3-cü müraciəti olacaq.