İcazə sistemində yeni funksiyalar
07.04.2020
"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 38 min 819 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsilə 583 min 92 icazə qeydiyyata alınıb.
Aparılan təhlillər nəticəsində icaze.e-gov.az portalına yeni funksiyalar əlavə edilib. Belə ki, dövlət və özəl təşkilatlar portal üzərindən əldə edilmiş icazələri həm də PDF formatında yükləyərək əməkdaşlarına təqdim edə bilər. Bunun üçün "İcazələr” bölməsində sətirlər üzrə əks olunan müvafiq icazə açılır və yuxarı sağ küncdə yerləşən "PDF” düyməsi klik edilərək icazə yüklənilir. Bundan əlavə, elə həmin bölmədə əməkdaşlar üzrə icazələrin ad, soyad və ya ata adı daxil edilərək axtarılması imkanı da yaradılıb.
Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 901 min telefon nömrəsindən 2 milyon 289 min SMS göndərilib ki, bunlardan da təqribən 1 milyon 219 mini, yəni, 53 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 98 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.
Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, yalnız zərurət yarandığı halda bu xidmətlərdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.