Yoluxma su ilə yayıla bilərmi?
07.04.2020
Fransada son günlər əhali sosial şəbəkələr, eləcə də yerli kanallar vasitəsilə dərilərinin həddən çox quruması, bunun qaşınma yaratması, eləcə də suyun dadının dəyişməsi ilə bağlı narahatlıqlarını bölüşüblər. Bunun suda xlorun həcminin artırılması ilə bağlı olmasına dair fikirlər irəli yürüdülüb.
Su təchizatı ilə məşğul olan aidiyyəti qurumlar bu narahatlıqlarla bağlı sualları cavablandırıblar.
Su təchizatını təmin edən SUEZ şirkətinin baş direktorunun müavini Jan-Mark Bursye (Jean-Marc Boursier) suda xlorun həcminin artırılmasının onun dadına heç bir təsir göstərmədiyini və evlərdə istifadə olunan suyun 100 faiz təmiz içməli su olduğunu diqqətə çatdırıb.
Bildirib ki, bəzi istehlakçıların təəssüratlarının əksinə olaraq suda xlorun həcminin artırılması onun dadına heç bir təsir göstərmir. Halbuki, Su üzrə Məlumat Mərkəzi isə evdə kranlardan gələn suyu içməzdən əvvəl qrafində bir az saxlamağı məsləhət görərək bildirib ki, bu vasitə ilə suda xlorun iyini azaltmaq olar.
Qeyd edilib ki, içməli suya xlor qatılması Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsidir və xlor suyun tərkibini təmizləyir və yoluxma riskini azaldır.
Regional Səhiyyə Agentliyi (ARS) isə COVID-19 virusu ilə bağlı bildirib ki, bu virusun içməli suda olması və yoluxma riski çox az mümkün ola bilər. Çünki koronavirus insandan insana ağız suyu damcıları (öskürərkən, asqırarkən, əllərin ağız suyuna dəyməsi) vasitəsilə ötürülür. Buna görə evlərdəki kranlardan gələn içməli su COVID-19 virusuna yoluxma riski yaratmır.