Yol polisi: 1499 inzibati məsuliyyətə cəlb edilmə var
07.04.2020
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 6-sı saat 00:00-dan aprelin 7-si saat 08:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
İdarədən bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 6-sı saat 00:00-dan aprelin 7-si saat 08:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında 861-i Bakı şəhərində olmaqla nəqliyyat vasitələri ilə hərəkətdə olan 1499 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 6945 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına zərurət olmadan və müvafiq qaydada icazə almadan yaşadıqları evlərdən, mənzillərdən çıxmamağı tövsiyə edir, hər bir vətəndaşı ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminə düşünülmüş şəkildə yanaşmaqla tələb olunan qaydalara ciddi riayət etməyə çağırır.