Çağırışlara məhəl qoymurlar
05.04.2020
Böyük Britaniya sakinləri pandemiyanın tüğyan etməsinə və hakimiyyətin koronavirusla bağlı ehtiyat tədbirlərinə əməl etmək barədə çağırışlarına məhəl qoymayaraq, gəzintiyə və çimərliklərə üz tutub.
Sky News telekanalı xəbər verir ki, həftə sonu Böyük Britaniyada buludsuz səma müşahidə edilib, havanın hərarəti 21 dərəcəyə yüksəlib. Aprelin 4-ü son altı ayda ən isti gün olub.
Ölkənin Baş Naziri Boris Conson və Britaniyanın digər siyasətçiləri əlverişli hava şəraitinə baxmayaraq, əhalini evlərində qalmağa və koronavirusla mübarizə aparan tibb işçiləri barədə düşünməyə çağırıb. Lakin britaniyalılar Londonun ən böyük açıq hava məkanlarına – "Regent's Park”, "London Fields” və "Battersea” parklarında gəzintiyə çıxıb və velosiped sürüblər. Şənbə günü paytaxtın cənubunda yerləşən "Brockwell” parkına 3 min nəfər gəlib.
İnsanların əksəriyyəti digərləri ilə ara məsafəni qorusalar da, Britaniya hakimiyyətinin evdən yalnız işə, ərzaq mağazasına, aptekə və ya poliklinikaya getmək, həmçinin idmanla məşğul olmaq üçün çıxa biləcəkləri barədə təlimatını pozmuş olublar.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 14:30-a olan məlumata əsasən, Böyük Britaniyada koronavirusa 41 min 900-dən çox yoluxma halı qeyd olunub, ölənlərin sayı isə 4 min 313 nəfərə çatıb.