Bələdiyyə sədri cəzalandırılıb
02.04.2020
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları şikayəti yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.
Faktla bağlı ərazidə tullantıların idarə olunmasına cavabdeh Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 3500 manat məbləğində cərimə edilib.
Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.