Tarixin qanlı ləkəsi
31.03.2020
1918-ci il martın 31-də Azərbaycanda törədilmiş soyqırımı tarixin qanlı ləkəsidir. Azərbaycanlılar 102 il əvvəl öz vətənlərində bolşeviklər və erməni daşnakları tərəfindən dünyada misli görülməmiş soyqırımına məruz qalıblar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir bildirib.
O deyib: "Tarixi mənbələrə görə, 1918-ci il martın 31-də erməni silahlı qruplaşmaları bolşeviklərin dəstəyi ilə Bakıda, eləcə də ətraf bölgələrdə Azərbaycan türklərinə qarşı "İnqilabları yatırmaq” adı altında soyqırımı törədiblər. Bu qanlı hadisələr zamanı yalnız martın son üç günündə təkcə Bakıda 30 min günahsız insan amansızcasına qətlə yetirilib, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, həmçinin bugünkü Ermənistanın ərazisi olan tarixi Azərbaycan torpaqları - Zəngəzur qəzasında və İrəvan vilayətlərində isə ümumilikdə, təxminən 120 min insan öldürülüb. Ermənilər Azərbaycan ilə yanaşı, Türkiyənin İğdır, Qars, Ağrı, Ərdahan, Ərzurum, Ərzincan, Muş, Van və bir çox digər yaşayış məntəqələrində də soyqırımları törədiblər. Qətliamlar zamanı təkcə insanlar öldürülməyib, həmçinin məscidlər, məktəblər və tarixi-memarlıq abidələri dağıdılıb”.
Bu qırğınların Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun vəziyyətə müdaxiləsinə qədər davam etdiyini deyən V.Aydemir 1918-ci ilin mart-aprel hadisələrinin ermənilərin Azərbaycan türklərinə qarşı hücumlarının yalnız bir hissəsini təşkil etdiyini bildirib. O vurğulayıb: "Azərbaycan türkləri çar Rusiyası dövründə olduğu kimi, Sovet İttifaqı vaxtında da ermənilərin hücumları nəticəsində tarixi torpaqlarından didərgin salınıb, köç etməyə məcbur olublar. Bununla da Şərqi Anadolu və İrandan gətirilən minlərlə erməni çar Rusiyasının nəzarəti altındakı boşaldılmış Azərbaycan ərazilərinə yerləşdiriliblər. Ermənilər tərəfindən Azərbaycana qarşı yürüdülən təcavüzkar siyasət 1980-ci illərdə də davam etdirilib. Həmin dövrdən başlayan erməni təcavüzü nəticəsində bugünkü Azərbaycan torpaqlarının təxminən 20 faizi işğal edilib. Nəticədə bir milyondan çox Azərbaycan türkü öz Vətənində hələ də məcburi köçkün həyatı yaşayır. Burada Dağlıq Qarabağda, xüsusilə Xocalıda törədilmiş soyqırımı faktını xüsusilə qeyd etmək istərdim. Yaxın keçmişdə və bütün dünyanın gözü qarşısında törədilmiş bu qətliamın günahkarlarının hələ də cəzasız qalması insanlığa sığmır”.