Vatikanda bayraqlar endirilib
31.03.2020
Vatikanda martın 31-də İtaliyada və dünyada COVID-19 pandemiyası qurbanlarına matəm əlaməti olaraq dövlət bayraqları endirilib.
Bu barədə Müqəddəs Taxtın nəşr xidmətinin rəhbəri Matteo Bruni məlumat yayıb.
"Gün ərzində Müqəddəs Tac İtaliyada və dünyada COVID-19 pandemiyası qurbanlarına, onların ailələrinə və xəstəliyə son qoymaq üçün mübarizə aparanlara dəstək ifadə etmək üçün bayraqları endirəcək”, - deyə Vatikanın rəsmi nümayəndəsi bildirib.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Təşkilatın son məlumatına görə, bu günədək dünyada 788 mindən çox yoluxma və 38 minə yaxın ölüm faktı qeydə alınıb.
İtaliya koronavirus qurbanlarının sayına görə dünyada birinci yerdədir. Hazırda Apennin yarımadasında 102 minə yaxın insanın yeni növ koronavirusa yoluxduğu, bu xəstəlikdən 11591 nəfərin öldüyü, 14 mindən çox insanın isə sağaldığı bildirilir.