Milli Məclisin növbəti iclası olub
30.03.2020
Martın 30-da Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi.
İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova sabah ölkəmizdə Azərbaycanlıların Soyqırımı Gününün qeyd ediləcəyini bildirdi.
Sədr son 100 ildə və ondan qabaqkı dövrdə erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuş günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.
Bir dəqiqəlik sükutdan sonra Sədr yaranmış vəziyyəti nəzərə alaraq, bu gün iclasda gündəlik ətrafında yarım saatlıq müzakirənin aparılmamasını xahiş etdi. Nəzərə çatdırdı ki, deputatların təklifləri əsasında plenar iclasların vaxtı da dəyişdirilib.
Bundan sonra səhər iclası saat 11-dən 13-dək, axşam iclası isə nahar fasiləsindən sonra saat 15-dən 17-dək keçiriləcək.
Sonra Sahibə Qafarova bildirdi ki, bəşəriyyət öz tarixinin ən təhlükəli pandemiyalarından birinə qarşı mübarizə aparır. Bu gün koronavirus infeksiyası dünyanın 190-dan çox ölkəsinə yayılıb.
Azərbaycan rəhbərliyinin - Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gördükləri tədbirlər nəticəsində ölkəmizdə bu virusun törətdiyi xəstəlik İtaliya, Böyük Britaniya, Fransa, Amerika Birləşmiş Ştatları kimi bir sıra inkişaf etmiş dövlətlərdən fərqli olaraq, hələ ki, çox böyük fəsadlara gətirib çıxarmayıb.
Ölkəmizdə Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə bütün tövsiyələri yerinə yetirilir. Nazirlər Kabinetinin qərarı ilə qeyri-iş günləri aprelin 5-dək uzadılmışdır. Tədris müəssisələrində dərslər təxirə salınmış, iri ticarət mərkəzlərinin, idman obyektlərinin, əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, ictimai iaşə müəssisələrinin iş vaxtı dəyişdirilmiş, digər zəruri tədbirlər görülmüşdür. Əhali arasında sosial özünütəcrid rejimi həyata keçirilir.
Milli Məclis də koronavirusa qarşı mübarizə tədbirlərində yaxından iştirak edir. Xüsusi iş qaydası tətbiq edilir. Komitə və komissiyaların iclasları onlayn rejimdə keçirilir. Lazımi texniki təchizat yarandıqdan sonra Milli Məclisin plenar iclaslarının da internet üzərindən keçirilməsi planlaşdırılır.
"Bildiyiniz kimi, Prezident İlham Əliyevin Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Milli Məclis deputatlarının və əməkdaşlarının bir qismi öz əməkhaqlarını bütünlüklə, digər bir qismi isə əməkhaqlarının müəyyən hissəsini həmin fonda köçürmüşlər. Bu günədək Milli Məclisin deputatları və əməkdaşları fonda 250 min manatdan çox vəsait köçürmüşlər”, - deyə Sədr qeyd etdi.
Sədr diqqətə çatdırdı ki, koronavirusa qarşı mübarizə ümumxalq işidir. Hamı bu mübarizədə fəal iştirak etməlidir. İlk növbədə, sanitariya-gigiyena qaydalarına ciddi riayət olunmalı, verilən bütün tövsiyələr yerinə yetirilməlidir.
Sahibə Qafarova dövlət rəhbərliyinin gördüyü tədbirlər, eyni zamanda, milli həmrəyliyimiz, xalqımızın ümumi səyləri ilə bu bəlanın qarşısının alınacağına və bu sınaqdan da üzüağ çıxacağımıza əminliyini ifadə etdi. Bildirdi ki, yaranmış vəziyyətlə əlaqədar olaraq, Milli Məclisdə akkreditasiya edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələri plenar iclas salonuna buraxılmamışlar. Lakin Milli Məclisin 2-ci mərtəbəsindəki holda onlar üçün monitorlar quraşdırılmışdır. Onlar monitorlar vasitəsilə iclasın gedişini canlı olaraq izləyib lazımi məlumatları təmsil etdikləri informasiya orqanlarına göndərə bilərlər.
Sonra gündəliyin birinci məsələsi - "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" qanun layihəsi barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Bildirdi ki, qanun layihəsində təklif olunur ki, ölkəmizdə koronovirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışının müddəti 2020-ci il mayın 31-dək uzadılsın. Layihə səsə qoyularaq qəbul edildi.
ƏTRAFLI
Bosch Mart Novruz
"Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə məsələni Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov təqdim etdi. Bildirdi ki, hazırda ölkəmizdə səhiyyə işçilərinin əksəriyyəti koronovirus infeksiyasına qarşı mübarizəyə səfərbər edildiyinə görə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sahəsində çətinliklər əmələ gəlmişdir. Ona görə də "Tibbi sığorta haqqında” Qanunun müddəalarında bu sahədə nəzərdə tutulmuş müddətlərin uzadılması təklif olunur.
Qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təklifinə əsasən millət vəkilləri koronavirus infeksiyası ilə mübarizədə göstərdikləri şücaətə görə Azərbaycanın tibb işçilərinə alqışlarla təşəkkürlərini bildirdilər.
Bu qanun layihəsi də səsə qoyularaq təsdiq edildi.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin növbəti üç məsələsi barədə məlumat verdi. Bildirdi ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanununun 5-ci maddəsinə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilməsi təklif olunur: "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər Milli Məclisin deputatlarına şamil edilmir.".
Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nə isə aşağıdakı məzmunda əlavə edilməsi təklif olunur: "Karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın müraciəti əsasında Milli Məclisin iclaslarının, həmçinin Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.".
Əli Hüseynli bildirdi ki, "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Qanuna təklif olunan dəyişiklik də eyni məzmunludur.
Sonra hər üç qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
İclasda deputatlar Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının yeni tərkibini də təsdiq etdilər.
Millət vəkilləri "Quru limanlar haqqında" Hökumətlərarası Sazişə qoşulmaq barədə qanun layihəsini, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müstərək fəaliyyətin təşkili haqqında" Sazişi, "Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"ə Əlavə Protokolun təsdiq edilməsi barədə" qanun layihəsini, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında" Sazişi, "Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında" Sazişi də komitə sədrləri Əli Hüseynli, Tahir Mirkişili, Səməd Seyidov və Musa Quliyevin təqdimatlarından sonra təsdiq etdilər.
Bildirildi ki, bu beynəlxalq sənədlər ölkəmizin diplomatik əlaqələrinin daha da inkişafına və vətəndaşlarımızın sosial rifahının yüksəlməsinə xidmət edir.
İclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında”, "Daşınar əmlakın yüklülüyü haqqında”, həmçinin "Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və "Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” qanunlarda da müvafiq dəyişikliklər edildi.
İclasın sonunda deputatlar "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda səsə qoyaraq qəbul etdilər.
İclasda ayrı-ayrı məsələlərin müzakirəsi zamanı Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, komitə sədrləri Ziyafət Əsgərov, Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Aydın Mirzəzadə, Fazil Mustafa, Məlahət İbrahimqızı, Tahir Kərimli, Elman Nəsirov, Razi Nurullayev, Hikmət Məmmədov, Novruzəli Aslanov, Jalə Əliyeva, Nizami Səfərov, Ramil Həsənov, Erkin Qədirli, Şahin İsmayılov, Qüdrət Həsənquliyev, Musa Qasımlı, Anar İsgəndərov, Rauf Əliyev, Fatma Yıldırım, Vüqar Bayramov, Fazil Qəzənfəroğlu, Bəhruz Məhərrəmov, Soltan Məmmədov və Sahib Alıyev çıxış edərək müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər.
Bununla da Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatdı.