İran: yoluxanlar - 35000, ölənlər - 2517
29.03.2020
İranda koronavirusa yoluxanların və həyatını itirənlərin sayı artmaqda davam edir.
Martın 28-də virusa yoluxanların sayı 35 min 408, ölənlərin sayı isə 2 min 517 nəfərə çatıb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 11 min 679 nəfər sağalaraq evə buraxılıb.
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur isə Tehranda keçirdiyi brifinqdə bəyan edib ki, müalicə alan 3 min 206 nəfərin vəziyyəti qənaətbəxş deyil.
Prezident Həsən Ruhaninin sədrliyi ilə keçirilən nazirlər şurasının iclasında koronovirusla mübarizə və onun yaratdığı problemlərin həlli yolları müzakirə edilib. Prezident bəyan edib ki, koronovirusdan müalicə olunan adamların tibbi xərclərinin 90 faizini dövlət ödəyəcək.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ-da qanunsuz olaraq həbs edilən iranlı alim Sirus Əsgərinin hüquqları kobudcasına pozulur. Nazir deyib ki, heç bir ittiham irəli sürülmədən və məhkəmənin sanksiyası olmadan həbs edilən alim ümumi kamerada saxlanılır, ona adi tibbi maskada verilmir.
Rusiya, Sloveniya, Pakistan və Yaponiyanın Xarici İşlər nazirlikləri ABŞ-ı İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa çağırıblar.
ABŞ Dövlət Departamenti isə bəyanat yayaraq bildirib ki, İranın bəzi dövlətlərin banklarında saxladığı aktivlərindən istifadə etməsinə icazə verməyəcək. Qeyd edək ki, İranın ABŞ və Avropa dövlətlərinin banklarında 20 milyard dollardan çox maliyyə vəsaiti var.
Bu pulları İran neft satışından əldə edib. Lakin sanksiyalar ucbatından bu vəsaitlərdən istifadə edə bilmir.