Şübhəlilərin barəsində həbs qətimkan tədbiri
29.03.2020
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Belə mənfi halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, daxil olan əməliyyat məlumatı keçirilən növbəti tədbir zamanı paytaxt sakini Əsgər Şalıyev və Oğuz rayon sakini Elşən Səfərəliyev xüsusi karantin rejimini pozmaqda şübhəli bilindikləri üçün Bakı şəhərində saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, E.Səfərəliyev və Ə.Şalıyev epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronovirus pandemiyasının yayılması üçün real təhlükə yaratmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bakı şəhəri istiqamətində hərəkət ediblər. Bu məqsədlə E.Səfərəliyev Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan təxminən bir kilometr məsafədə özünə məxsus "Mercedes” markalı avtomobili idarə etməyi 50 manat müqabilində razılığa gəldiyi paytaxt qeydiyyatında olan tanışı Ə.Şalıyevə həvalə edib. E.Səfərəliyev isə nəqliyyat vasitəsinin yük yerində gizlənməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən postu keçib. Daha sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Keçirilən daha bir tədbir zamanı Füzuli rayon sakini Kərim Kərimov və İmişli rayon sakini Elxan İbrahimov xüsusi karantin rejimi qaydaları pozaraq Bakı şəhərinə gəldikləri üçün saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, K.Kərimov idarə etdiyi "Daewoo” markalı, E.İbrahimov isə idarə etdiyi "Mersedes” markalı nəqliyyat vasitələri ilə Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan qanunsuz keçməklə karantin rejimi qaydalarını pozublar.
Əsgər Şalıyev və Elşən Səfərəliyev barələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Ə.Şalıyev və E.Səfərəliyev tutularaq istintaqa cəlb olunublar. Onlar barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Elxan İbrahimov və Kərim Kərimov isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs ediliblər.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan olunan xüsusi karantin rejiminə əməl etməyə çağırır.