Əbülfəs Qarayev: zamanı səmərəli dəyərləndirməliyik
23.03.2020
Koronavirusla bağlı həyata keçirilən sosial izolyasiya tədbirləri çərçivəsində mədəniyyət müəssislərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılsa da, müasir texnologiyalar öz evimizdən sosial həyatımızı və fəaliyyətimizi müəyyən məcrada davam etdirməyə imkan verir. Odur ki, bu şəraitin doğurduğu zamanı səmərəli dəyərləndirməyə çalışmalıyıq.
Bu fikirləri Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.
Nazir qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, tarixinin ən çətin, ağır dövrlərində Azərbaycan xalqını yaşadan, onun ruh yüksəkliyini, gələcəyə inamını təmin edən əsas amillərdən biri bizim mənəvi və mədəni dəyərlərimiz, söz və sənət irsimiz, ədəbiyyat və incəsənətimiz olub. Mədəni irs xalqın ruh saxlancıdır. Xalq ruhunun dəyərini bir daha hiss etdiyimiz bu günlərdə hər birimiz, dövlət qurumları tərəfindən elan olunan zəruri sosial izolyasiya tədbirlərinə əməl etməklə yanaşı, çağdaş texnoloji imkanlar – televiziya, internet, mövcud elektron resurslar vasitəsilə bu zənginliklə, mədəniyyətimizlə sıx təmas qurmalıyıq.
Nazirliyin "Evdə qal, evdə yarat” təşəbbüsünə start verdiyini diqqətə çatdıran Ə.Qarayev bildirib ki, hər bir vətəndaşımız öz yaradıcılığını "Kreativ Azərbaycan” "Facebook” səhifəsində paylaşa bilər. Yaxın günlərdə "Mədəniyyət” kanalında, eləcə də nazirliyin "YouTube” kanalında, "Facebook” və "Instagram” səhifələrində yayımlanmaqla təlim xarakterli "#Yaradıcılığı evdə öyrən” verilişi təqdim ediləcək. Həmçinin, uşaq musiqi və incəsənət məktəbləri tədris portalında (http://music.mctgov.az/) müxtəlif musiqi alətləri üzrə nümunəvi ustad dərslərinin videodərsləri yerləşdirilib və bunların sayı artırılacaq. Muzeylərimiz də yaranmış şəraitə uyğun olaraq öz fəaliyyətlərini elektron vasitələrlə onlayn rejimdə davam etdirirlər.