70 vətəndaşımız da Minskdən döndü
22.03.2020
Belarusdakı səfirliyimiz ümumi təlimata uyğun olaraq Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün çarter reyslər təşkil edib.
Səfirlikdən bildirilib ki, koronavirusla bağlı martın 16 və 18-də "Belavia” şirkətinin Minsk-Bakı-Minsk istiqamətində nəzərdə tutulan uçuşları ləğv olunduğundan səfirlik təlimata uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları ilə əlaqə saxlayıb. Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın siyahısı tərtib olunub və Bakıya müvafiq qurumlara təqdim edilib. AZAL və "Belavia” şirkətləri ilə aparılmış danışıqlar nəticəsində çarter reyslərin həyata keçirilməsi barədə razılığa gəlinib. Səfirlik tərəfindən martın 21-də "Belavia” şirkətinin həyata keçirdiyi çarter reysi ilə 70 Azərbaycan Respublikası vətəndaşının vətənə qayıtması təşkil olunub. Səfirliyin təşkilatçılığı ilə Baltikyanı ölkələrdən və Polşadan vətənə qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşları da çarter reysi ilə uçmaq məqsədilə Minskə gəliblər. Azərbaycan vətəndaşlarını səfir Lətif Qəndilov və səfirliyin əməkdaşları yola salıblar. Ürək xəstəliyi olan vətəndaşımız Məmmədov Rafiq İman oğlunun Bakıda birbaşa təcili yardım maşını ilə xəstəxanaya aparılması üçün müvafiq əlaqələndirilmə işləri də aparılıb.
Yaxın günlərdə yeni çarter reyslər də həyata keçiriləcək.