Tomas Bax: Tokio-2020 təxirə salınmayacaq
18.03.2020
Tokio-2020 Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları təxirə salınmayacaq. Hər iki yarış bu il nəzərdə tutulduğu vaxtda reallaşacaq.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Avropa Olimpiya Komitələri və Avropa ölkələrinin üzv Milli Olimpiya Komitələrinin rəhbər şəxsləri ilə təşkil etdiyi video-konfransda bu fikirləri səsləndirib.
Video-konfransda Olimpiya Hərəkatının COVİD 19-la bağlı tədbirlər planı müzakirə olunub.
MOK mətbuat xidmətindən verilən məlumata görə, müzakirə zamanı bildirilib ki, Olimpiadanın təxirə salınacağı ilə bağlı aparılan spekulyasiyalar yolverilməzdir. Spekulyasiya beynəlxalq birjalarda Yaponiya höküməti səhmlərinin qiymətinin 16% enməsi ilə yanaşı başqa mənfi nəticələrə də yol açır.
Tomas Baxın sözlərinə görə, BOK Milli Olimpiya Komitələri və beynəlxalq idman federasiyaları ilə birgə Olimpiadanın keçirilməsi üçün mümkün bütün tədbirləri reallaşdırmaqda maraqlıdır. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyaların yarıdan çoxunun (57 %) təmin olunmasını xatırladan BOK rəsmisi, lisensiya yarışları təxirə salınan idman növləri üçün Olimpiya qanunlarına uyğun tədbirlər görülməsinin va ya əlavə kvota yerlərinin ayrılmasının mümkünlüyünü də bildirib.