Məscid, kilsə, sinaqoq və ziyarətgahlarda ibadətlər dayandırılıb
18.03.2020
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronovirus pandemiyası ilə bağlı məlumat yayıb.
Bu barədə QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Bildirilir ki, hazırda bütün dünyada sürətlə yayılmaqda olan koronovirusun bilavasitə təmaslar vasitəsilə yoluxaraq insan həyatına ciddi təhlükə yaratdığını və bununla əlaqədar ölkə ərazisində bütün kütləvi tədbirlərin ləğv olunduğunu nəzərə alaraq, eyni zamanda, təxirəsalınmaz sanitar-epidemioloji tədbirlər görülməsi məqsədilə məscid, kilsə, sinaqoq və ziyarətgahlarda ibadətlər müvəqqəti olaraq dayandırılır.
Qeyd olunur ki, bu qərar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının, səlahiyyətli nümayəndələrinin və ölkəmizdəki dini konfessiya rəhbərlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin operativ qərargahının müvafiq qərarının müzakirə olunduğu martın 17-də birgə iclasında qəbul edilib.
Həmçinin vurğulanır ki, dindarlardan bu qərara əməl etmələri tələb olunur.