Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri dayandırıldı
18.03.2020
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu gündən etibarən Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri müvəqqəti dayandırılıb.
Bununla bağlı qərar saat 00:00-dan qüvvəyə minib.
Qərara əsasən, yük maşınlarının sürücüləri istisna təşkil edəcəklər.
Ölkəyə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün çarter uçuşları təşkil ediləcək. Uçuşların qrafikinə dair əlavə olaraq məlumat veriləcək.
Qeyd edək ki, martın 16-da Azərbaycanın Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.
Telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.
Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.