Türkmənistan prezidentindən məsləhət - Üzərlik yandırın
17.03.2020
Qəribə addımları ilə seçilən Türkmənistən prezidenti Qurbanqulu Berdiməhəmmədov koronavirusdan qorunmağın yollarını açıqlayıb. O, hökumətin iclasında bu barədə məsləhət verib.
Dövlət başçısı qədim adətlərə uyğun olaraq üzərlik yandırmağı tövsiyyə edib.
O, deyib ki, əsrlər boyu zərərli vərdişlərdən qorunmaq və müxtəlif infeksion xəstəliklərdən müdafiə üçün öz effektivliyini göstərən qədim xalq təbabətindən istifadə edilib.
"Müdrik əcdadlarımız ənənəyə sadiq qalırdılar: mühüm hadisələr zamanı üzərlik yandırırdılar. Bu yeni evə kömək, ailə qurmaq, eləcə də infeksion xəstəliklər yayılanda ilin fəsillərini müəyyən etmək üçün olurdu”.
Onun sözlərinə görə, üzərliyin tüstüsü müxtəlif virusların orqanizmə daxil olmasının qarşısını alır.
Xatırladaq ki, Türkmənistanda hələ koronavirusa yoluxma halı müşahidə edilməyib. ÜST bir neçə gün öncə dünya səviyyəsində pandemiya elan edib. Artıq dünyanın aparıcı ölkələrində 5 mindən çox insan virusun qurbanına çevrilib.