Cənubi Asiyada COVID-19 Təcili Yardım Fondu yaranacaqmı?
16.03.2020
Hindistanın Baş Naziri Şri Narendra Modi bölgədə COVID-19 ilə birgə mübarizə aparmaq məqsədilə ortaq bir strategiya tərtib etmək üçün videokonfrans vasitəsilə Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) üzv ölkələrinin rəhbərləri ilə müzakirə aparıb.
Hindistanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Baş Nazir Modi təşkilata üzv bütün ölkələrin könüllü yardımı əsasında COVID-19 Təcili Yardım Fondunun yaradılmasını təklif edib və Hindistanın fond üçün ilkin olaraq 10 milyon ABŞ dolları ayıracağını bildirib. Fond tərəfdaş ölkələrin hər hansı biri tərəfindən təcili görülən işlərin xərcinin ödənilməsi üçün istifadə edilə bilər. O qeyd edib ki, Hindistan tərəfindən ölkələrin ixtiyarına veriləcək infeksiyanı müəyyən etmək üçün testlər və digər avadanlıqlarla yanaşı həkimlər və mütəxəssislərdən ibarət "Təcili yardım qrupu” da yaradılacaq.
Baş nazir qonşu ölkələrin təcili yardım qrupları üçün onlayn təlim qurumlarının yaradılmasını və Hindistanın Xəstəliklərə Nəzarət Portalının tərkibində mümkün virus daşıyıcılarını və onlarla ünsiyyətdə olan insanları izləməyə kömək etmək məqsədilə proqram təminatını da təklif edib. O, həmçinin Cənubi Asiya bölgəsində epidemiya xarakterli xəstəliklərə nəzarət üzrə tədqiqatları əlaqələndirmək üçün ortaq tədqiqat platformasının yaradılmasını da təklif edib.
SAARC-a üzv ölkələrinin rəhbərləri təşəbbüslərə görə Hindistanın Baş Nazirinə öz təşəkkürlərini bildirdilər. Şri Narendra Modi birgə mübarizə etməyin vacibliyini bir daha qeyd edərək Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) üzv ölkələrinin qonşuluq əməkdaşlığının dünya üçün bir nümunə olacağını söyləyib.