Nə üçün Türkiyə buna milyardlar xərcləməlidir? - Prezident
12.03.2020
Müsəlman miqrantlara qarşı baxın, necə münasibət göstərilir. Onları XXI əsrdə itlərlə əzirlər, qəfəsə salırlar. Sona isə qəfəsə yemək parçaları atırlar, heyvan kimi. Budurmu münasibət?!
Bu sözləri Prezident İlham Əliyev Milli Məclisin ilk iclasındakı geniş nitqində deyib.
"Bəs o miqrantlar haradan yarandı? Nə üçün onlar yarandı? Nəyə görə öz ölkələrini tərk etdilər? Kim onların ölkələrinə basqın etdi? Kim o ölkələri məhv etdi? Kim sabitliyi pozdu? Kim milyonlarla qaçqının yaranmasına səbəbkar oldu? Ona görə kim bunu edibsə, qoy, onun acısını da çəksin. Nə üçün Türkiyə, bizim qardaş ölkəmiz 4 milyon qaçqını qəbul etməlidir, yedirməlidir, içirməlidir, milyardlarla pul xərcləməlidir? Bunları Türkiyəmi didərgin salıb? Yox. Onları didərgin salanlar gəlib onlara sahib çıxsınlar”, - Prezident bildirib.
İlham Əliyev vurğulayıb ki, bu gün bu kürsüdən bu sözləri deyirəm, açıq, heç kimdən çəkinmədən:
"Çünki mən haqlıyam və həqiqətə qarşı heç kim heç nə deyə bilməz. Əlbəttə, bax, görərsiniz, bu sözlərdən bir neçə gün sonra yenə çirkin məqalələr çıxacaq, yenə hansısa bir qondarma təşkilat nəsə bəyanat verəcək ki, Azərbaycanda o pisdir, bu pisdir. Eybi yoxdur, qoy desinlər. Amma biz bu həqiqətləri deməsək, sabah bu, bizim başımızda sınacaq. Ona görə bunu deməliyik və siz də deməlisiniz. Mən bütün deputatlara deyirəm, heç bir sövdələşməyə getmək olmaz. Beynəlxalq təşkilatlarla işləmək lazımdır, biz də işləyirik, ancaq bizim maraqlarımız var və kifayət qədər arqumentlərimiz var. Ona görə mən sizi bu mübarizəyə çağırıram - həm Avropa Şurasında, həm ATƏT Parlament Assambleyasında, həm də bütün başqa təşkilatlarda. Beləliklə, hesab edirəm ki, bu istiqamətdə atılacaq addımlar bizim ölkəmizin mövqeyini daha da gücləndirəcək”.