DTX yüksək vəzifəli şəxsi həbs etdi - VİDEO
11.03.2020
Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə, külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma aparılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan 40-BL-400 dövlət qeydiyyat nişanlı, "Mercedes” markalı yük maşını saxlanılıb.
Həmin avtomobilə baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilmiş, üzəri digər məhsulla qablaşdırılmış, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülüb.
Qeyd olunan faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları - Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Hüseynov Emin Əlmərdan oğlu, Hüseynov Kərim Əhmədağa oğlu və Əliyev Ramin Mehdi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Hazırda araşdırmalar davam etdirilir.