Zənginlər 1 gündə 238,5 milyard itirdi
10.03.2020
Neftin qiymətinin kəskin şəkildə ucuzlaşması dünyanın ən zəngin 500 insanının sərvətində itkilərə səbəb olub.
Belə ki, həmin zəngin insanlar ümumilikdə 238,5 milyard dollar itiriblər.
Dünyanın ən zəngin insanı sayılan "Amazon” şirkətinin təsisçisi və direktoru Ceff Bezos bir gündə 5,6 milyard dollar itirib. Beləliklə, iş adamının sərvəti 112 milyard dollara düşüb. "Amazon”un hissələri isə 5,29 faiz dəyər itirib.
"Maykrosoft” korporasiyasının yaradıcısı Bill Qeyts 1 gündə 5,12 milyard dollar itirib. Sərvəti isə 106 milyard dollara enib. "Maykrosoft”un hissələrində isə 6,78 faizlik dəyər itkisi yaranıb.
Fransanın LVMH şirkətinin rəhbəri Bernard Arnault isə birjalardakı ucuzlaşma səbəbi ilə 4,36 milyard dollar itirib. Beləliklə, Arnaultun ümumi sərvəti 81,4 milyard dollara düşüb. O, ötən gün Avropada ən çox pul itirən şirkət rəhbəri olub.
500 varlı insan arasında dünya üzrə ən çox pul itirən isə meksikalı Karlos Slimdir. Onun telekomunikasiyadan enerji sahəsinə kimi müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətləri mövcuddur. Slimin sərvəti 6,01 milyard dollar geriləyərək 49,8 milyarda düşüb.
Qeyd edək ki, neftin kəskin ucuzlaşması itkilərlə bərabər 500 zəngin insanın 17-nə qazanc da gətirib. Ən çox qazanan isə "Muyuan Fudstuff” qida şirkətinin rəhbəri çinli iş adamı Qin Yinqlin olub. Onun sərvəti 536 milyon dollar artaraq 13,7 milyard dollara çatıb.