Dostu şəhidin büstünü hazırladı - FOTO
06.03.2020
2016-cı il aprel ayında baş verən döyüşlərdə şəhid olan heykəltəraş Samir Kaçayevin dostu şəhidin ad günü münasibətilə onun büstünü hazırlayıb.
Bu gün S.Kaçayevin 26 yaşı tamam olur. Bu münasibətlə onun tələbə yoldaşı, Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi, heykəltəraş Zamiq Rzayev şəhidin ailəsi üçün belə bir xatirə hazırlayıb.
Z.Rzayev bildirib ki, büstü hazırlamaq öz təşəbbüsü olub:
"Mən fürsət düşdükcə Qarabağ müharibəsi, Aprel döyüşləri şəhidlərinin belə büstlərini hazırlayıram. Bu büstü də öz istəyimlə hazırlamışam. Bu gün Samirin ad günüdür və hazırda bu büstü ailəsinə hədiyyə etmək üçün onlara aparıram”.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, heykəltəraş Samir Kaçayev 6 mart 1994-cü ildə anadan olub. Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.