İranda təhsil müəssisələri fəaliyyətini dayandırdı
05.03.2020
İranda ilin sonuna kimi (21 mart 2020-dək) məktəb və universitetlərin fəaliyyətinin dayandırılmasına qərar verilib.
Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki mətbuat konfransında deyib.
Modern.az IRINN-ə istinadən məlumat verir ki, iranlı nazir məktəb və universitetlərin fəaliyyətinin dayandırması nəticəsində istirahət məkanlarına səfərlərin ləğv edilməsini İran vətəndaşlarına tövsiyə edib.
S.Nəməkinin sözlərinə görə, İran vilayət rəsmiləri, polis və digər qurumların köməyi ilə vilayətlər arasında gediş-gəlişlər məhdudlaşdırılacaq.
Nəməki əlavə edib ki, virusa yoluxma və ya şübhəli halı gizlədən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq.
Qeyd edək ki, İranda 107 nəfər bu virus nəticəsində ölüb, ötən sutka ərzində 591 nəfər yeni koronavirusa yoluxub və ümumilikdə yoluxanların sayı 3 513-yə yüksəlib.