Ölkə Prezidentindən 90 yaşlı alimə təltif
18.01.2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Teymur Əmiraslan oğlu Bünyadov "Şərəf” ordeni ilə təltif edib.
Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində dünyaya göz açıb. T.Bünyadov orta məktəbi qızıl medalla bitirmiş, 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Universiteti uğurla başa vuran T.Bünyadov az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Zəhmətkeş alim 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
T.Bünyadov həm də ictimai-siyasi xadimdir. O, 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
Elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq akademik T.Bünyadov 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif edilmiş, 2008-ci ildə "Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Bu gün isə 90 yaşlı görkəmli alim Prezident tərəfindən "Şərəf” ordeni ilə təltif edilib. Akademiki təbrik edirik!
DM