Azərbaycan Belarusa neft göndərəcək
27.02.2020
Belarusun "Qomeltransneft Drujba” magistral neft boru kəmərinin operatoru Azərbaycan neftini Ukraynadan Odessa-Brodı neft boru kəməri ilə Mozır neftayırma zavoduna tədarük etməyə praktik olaraq hazırdır.
Bu barədə TASS-a "Qomeltransneft Drujba” şirkətinin baş mühəndisi Andrey Veriqo məlumat verib.
"Bu, normal nəql prosesidir. (Ukraynadakı) operator "Ukrtransnafta”dır, şirkət bütün avadanlıqları yaxşı vəziyyətdə saxlayır. Boru kəməri heç vaxt istismardan çıxarılmayıb, texniki emal nefti ilə doldurulub, istismara hazırdır”, - deyə Veriqo bəyan edib.
Onun sözlərinə görə, Belarus tərəfi hələ 2011-ci ildə Qara dəniz vasitəsi ilə Odessadan neft nəql edib.
"Boru kəməri sistemimiz həmin vaxt da işləyib, indi də işləməyə hazırdır”, - deyə baş mühəndis əlavə edib.
O, Belarusa neft tədarükünün mart ayında Odessa limanına tankerlərin gəlişindən sonra planlaşdırıldığını təsdiqləyib.
Xatırladaq ki, Belarus hökuməti Azərbaycanın Dövlət Neft Şirkəti ilə (SOCAR) ümumi həcmi 160 min ton olan iki neft partiyasının alınması barədə müqavilə imzalayıb. Artıq mart ayında ilk neft partiyası Ukrayna vasitəsilə – Odessa-Brodı kəməri ilə Belarusa göndəriləcək.