Məşhur professordan şok : təşvişə düşməyə ehtiyac yoxdur
26.02.2020
Koronavirus epidemiyası dünyanı narahat etməyə davam etdiyi vaxtda məşhur professor Canan Karatay xəstəliklə bağlı mühüm açıqlama verib. O, bildirib ki, təşvişə düşməyə ehtiyac yoxdur, immun sistemini gücləndirmək kifayətdir.
Xəbər verildiyi kimi, Canan Karatay dekabr ayında ortaya çıxan və 2 mindən çox insanın ölümünə səbəb olan yeni tip koronavirus haqqında önəmli açıqlamalar verib. CNN TÜRK ekranlarında yayımlanan CNN TÜRK Masası proqramına qonaq olan professor açıqlamasında koronavirusun yeni bir şey olmadığını, illərdir onunla birlikdə yaşadığımızı söyləyib.
Həyatını itirənlərin əksəriyyətinin 80 yaşdan yuxarı olduğunu söyləyən Karatay "Bu, dünyanı qorxudacaq bir hadisə deyil” deyib.
"Hələ də xaş tövsiyə edirəm. Əsrlər boyu tətbiq olunanları deyirəm. Təşvişə düşməyə gərək yoxdur. İllərdir viruslarla birlikdə yaşayırıq. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) hər ay hesabat yayır. Mərkəzlərin qış ayları üzrə yaydığı hesabata görə, fevral ayına qədər Amerikada 15 milyon insan qripə yoluxub. Onlardan 140 mini xəstəxanaya yerləşdirilib, 8 min 200 nəfər isə 18 yanvar tarixinə qədər ölüb. Niyə bunlar deyilmir, amma koronavirus deyilir? Dünyada hər il çox sayda insan ölür. Çində ölənlərin çoxunun yaşı 80-dən yuxarıdır. Onların ürək, böyrək çatışmazlığı, şəkər və s. bu kimi bir çox xəstəlikləri olur. Koronavirus dünyanı qorxudacaq daşıyıcı deyil. Onsuz da bədənimizdə virus var. Aparılan araşdırmalar da göstərir ki, bədənimizdə yaşayan mikrobiomaların sayı hüceyrələrin sayından daha çoxdur. Məsələ budur. Qrip orqanizmi zəif olanlara təsir edir, immun sistemi güclü olanlar isə ölmür.
Qorunma mövzusunda bir çox məsələ var. Onlardan biri xaşdır. İllərdir söylədiyimiz kimi, immun sistemi gücləndirilməlidir. İmmunitet gücləndikdə virusları çox yaxşı aradan qaldıra bilərik. Həyat tərzi çox vacibdir. Qış aylarında küçədə gəzmək lazımdır, soyuqdan qorxmayın. Soyuq aylarda evlərin havasını tez-tez dəyişin. Yadda saxlayın ki, qışda isti mühit daha təhlükəlidir. Odur ki, evə qapanıb oturmamalıyıq. Araşdırmalarda məlum olub ki, evdəki toksinlər və kimyəvi maddələr çirkli havada olan toksinlərdən 10 qat daha zərərlidir, xüsusilə uşaqlar və xəstələr üçün.
Daş duzdan istifadəni və bol su içməyi tövsiyə edirəm. Çünki daş duzda balanslaşdırılmış 84 mineral var. İkincisi, bədən necə güclənəcək? Bağırsaqlarda olan faydalı bakteriyaların sayı və gücünün artırılması lazımdır. Kələm, turp, kərəviz, sarımsaq, soğan, çuğundur kimi təbiətin bizə bəxş etdiyi tərəvəzlərə üstünlük verin. Onların hamısı torpağın içərisindədir. Təbiət artıq bizə yol göstərir, deyir qışda yeyin. Gələn il hansı viruslarla qarşılaşacağımızı bilmirik. Qrip hər zaman forma dəyişdirir”, - deyə məşhur professor bildirib.