Koronavirus ABŞ ordusunu vurdu
26.02.2020
Çinin Uhan şəhərində ortaya çıxan yeni tip koronavirus sürətlə yayılmaqda davam edir.
Xəbər verildiyi kimi, dünya miqyasında epidemiyadan ölənlərin sayı 2 min 762-yə çatıb.
Yaxın Şərqə İrandan, Avropaya İtaliyadan yayılıb
Çindən sonra ən çox ölüm faktı İranda qeydə alınıb. Son rəsmi rəqəmlərə görə, 16 nəfər dünyasını dəyişib. 100-ə yaxın insan virusa yoluxub.
Oman, İraq, Əfqanıstan, Bəhreyn və Küveytə koronavirus İrandan sıçrayıb. İraq Səhiyyə Nazirliyi Kərkükdə 4 nəfərdə koronavirus aşkarlandığını və həmin şəxslərin İrandan gəldiyini açıqlayıb.
Avropada isə virusun ən çox aşkarlandığı ölkə İtaliyadır. Burada virusa yoluxan şəxslərin sayı 400-ə çatıb. 1 nəfər dünyasını dəyişib. Xorvatiya, İsveçrə, Avstriya və İspaniyaya bu ölkədən epidemiya yayılıb.
İlk dəfə ABŞ ordusunda
ABŞ-ın Cənubi Koreyada xidmət edən əsgərlərindən birində koronavirus aşkarlanıb. ABŞ Koreya Hərbi Qüvvələri (USFK) tərəfindən verilən açıqlamada "Kamp Karrol” bazasında əsgərdə "Covid-19” analizinin pozitiv çıxdığı bildirilib. Hərbi qüvvələri qorumaq üçün lazımi qabaqlayıcı tədbirlərin görüldüyü vurğulanıb. Beləliklə, koronavirus ilk dəfə ABŞ ordusuna sıçrayıb.